Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:- Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin.
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 12 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1984-cü il, N-17, maddə 152) ilə təsdiq edilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət himni haqqında Əsasnamə qüvvədən düşmüş sayılsın.
Bu Qanun imzalandığı andan qüvvəyə minir
Azərbaycan Respublikası
ƏSASNAMƏ
- Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir.
Azərbaycan Respublikasının Dövlət himninə dərin ehtiram bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudur. - Azərbaycan Respublikasının Dövlət himni aşağıdakı hallarda ifa olunur:
- Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının başlanması və qurtarması zamanı;
- Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;
- dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;
- hər gün Azərbaycan Respublikası milli televiziya və radio verilişlərinin əvvəlində və axırında;
- Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, milli qəhrəmanlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə abidələrin və lövhələrin açılışı zamanı;
- dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən;
- Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola salınarkən - müvafiq ölkənin Dövlət himni ifa olunduqdan sonra.Azərbaycan Respublikasının qanunvericiliyində Azərbaycan Respublikası Dövlət himni hökmən ifa olunduğu başqa hallar da nəzərdə tutula bilər.
- Azərbaycan Respublikasının Dövlət himni orkestr, xor, orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və alətlər vasitəsilə ifa olunur. Bunun üçün səsyazma vasitələrindən də istifadə edilə bilər.
Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunur. - Azərbaycan Respublikasının Dövlət himni "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli Qanunu ilə təsdiq edilmiş mətnə və musiqi redaksiyasına tam müvafiq surətdə ifa olunmalıdır.
- Azərbaycan Respublikasının Dövlət himni camaat qarşısında ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və ya oxumalıdırlar.
- Hərbi hissələrdə, hərbi gəmilərdə, dəxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanlarında Azərbaycan Respublikası Dövlət himninin ifa olunması, habelə himn ifa edilərkən hərbi qulluqçuların, daxili işlər və milli təhlükəsizlik orqanlarının sıravi və rəis heyətinə aid şəxslərin əsgəri rəsm-təzim etməsi hərbi nizamnamələrlə və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir.
- Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni əlifba kitabının birinci səhifəsində dərc olunur.
Ümumtəhsil məktəblərində, texniki peşə, orta ixtisas məktəblərində, ali məktəblərdə və başqa tədris müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının Dövlət himninin öyrənilməsinə və ifasına həsr edilir. - Respublika və beynəlxalq idman yarışları keçirilərkən Azərbaycan Respublikası Dövlət himninin ifa olunması qaydası respublika və beynəlxalq idman təşkilatlarının mövcud praktikası nəzərə alınmaqla müəyyən edilir.
- Respublika idarələri və təşkilatları xarici dövlətlərin ərazisində təntənəli tədbirlər keçirərkən Azərbaycan Respublikasının Dövlət himni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara müvafiq surətdə, onların olduqları ölkənin praktikası və yerli adətləri nəzərə alınmaqla ifa edilir.
- Azərbaycan Respublikası Dövlət himninin daxili işlər, sərhəd xidməti vəmilli təhlükəsizlik orqanlarında, tədris müəssisələrində, idman yarışları zamanı, habelə Azərbaycan Respublikasının idarələri və təşkilatları tərəfindən xarici dövlətlərin ərazisində tədbirlər keçirilərkən ifa olunması qaydaları bu Əsasnamənin tələbləri əsas götürülməklə müəyyən edilir.
- Bu Əsasnamənin dəqiq yerinə yetirilməsinə nəzarət etmək dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqlarının və digər içtimai qurumların rəhbərlərinə həvalə olunur.
Azərbaycan Respublikasının Dövlət himni haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:Musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın olan "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilsin.
AZƏRBAYCAN MARŞI
Musiqisi Üzeyir Hacıbəyovun,Sözləri Əhməd Cavadındır.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət,
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan Respublikasının Dövlət Himnini
Комментариев нет:
Отправить комментарий