Azərbaycan
Respublikasında dövlət dili haqqında
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq
Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu
nizamlayır.
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Dövlət dilinin hüquqi statusu
1.1. Azərbaycan Respublikasının dövlət
dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə
müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan
Respublikası vatəndaşının borcudur.
1.2. Azərbaycan Respublikasının dövlət
dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni
həyatının bütün sahələrində işlədilir.
1.3. Azərbaycan Respublikası dövlət
dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir.
1.4. Azərbaycan Respublikasında dövlət
hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi
partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda),
həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində
və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu
Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət
dilində aparılır.
1.5. Dövlət dilinin tətbiqinin normaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1.6. Azərbaycan Respublikasının ərazisində
fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və ya onların nümayəndəlikləri
ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar
Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan
dilinə tərcümə olunmaq şərtilə aparıla bilər.
Maddə 2. Azərbaycan Respublikasında dövlət
dili haqqında qanunvericilik
Azərbaycan Respublikasında dövlət dili
haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu
Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Dövlət dilinin işlənməsi, qorunması
və inkişafı sahəsində dövlətin əsas vəzifələri
3.0. Dövlət dilinin işlənməsi, qorunması
və inkişafı sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:
3.0.1. Azərbaycan Respublikası
Konstitusiyasının və bu Qanunun taləblərinə uyğun olaraq dövlət dili ilə bağlı
hüquq qaydalarının müəyyənləşdirilməsi;
3.0.2. dövlət dilinin tətbiqi işinə, bu
dilin işlənməsi və qorunması ilə bağlı qanunvericiliyin müddəalarına riayət
olunmasının təmin edilməsi;
3.0.3. dövlət dilinin inkişaf proqramının
hazırlanması və dövlət büdcəsinin vәsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi;
3.0.4. dövlət dilinin saflığının
qorunması, dilçilik elminin nәzәriyyәsi və praktikasının inkişafı üçün müvafiq şəraitin
yaradılması və tədbirlərin həyata keçirilməsi;
3.0.5. dövlət dilinin işlənməsi üçün
zəruri olan maddi bazanın yaradılması;
3.0.6. xarici ölkələrdə yaşayan
azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst
istifadə etmələrinə köməklik göstərilməsi.
II fəsil
Dövlət dİlİnİn İşlənməsİ, qorunması və
İnkİşafı
Maddə 4. Dövlət dilinin rəsmi mərasimlərdə
işlənməsi
4.1. Azərbaycan Respublikasının dövlət
hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının keçirdiyi
bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində
aparılır.
4.2. Bu Qanunun 4.1-ci maddəsinin
tələbləri Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi
mərasimlərə və tədbirlərə, habelə müvafiq icra hakimiyyəti orqanları tərəfindən
digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və tədbirə şamil olunmur.
Maddə 5. Dövlət dilinin təhsil sahəsində
işlənməsi
5.1. Azərbaycan Respublikasında təhsil
dövlət dilində aparılır.
5.2. Azərbaycan Respublikasında başqa
dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada
həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir.
5.3. Azərbaycan Respublikasında ali və
orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən
imtahan verilməlidir.
Maddə 6. Dövlət dilinin televiziya və radio
yayımlarında işlənməsi
Mülkiyyət formasından asılı olmayaraq,
Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət
dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət
dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar.
Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin
müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.
Maddə 7. Dövlət dilinin xidmət sahələrində,
reklam və elanlarda işlənməsi
7.1. Azərbaycan Respublikası ərazisində
bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə
xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı
digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda
(lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər
dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan
dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki
yazıdan sonra gəlməlidir.
7.2. Azərbaycan Respublikasının ərazisində
bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin
normalarına uyğun olaraq tətbiq edilməlidir.
7.3. Azərbaycan Respublikasının ərazisində
istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər
yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.
7.4. Azərbaycan Respublikasına idxal
edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə
qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə
tərcüməsi ilə müşayiət olunmalıdır.
Maddə 8. Dövlət dilinin xüsusi adlarda
işlənməsi
Azərbaycan Respublikası vətəndaşlarının
adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan
Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq
qanunvericiliklə tənzimlənir.
Maddə 9. İnzibati ərazi bölgüsü ilə əlaqədar
dövlət dilindən istifadə
"Ərazi quruluşu və inzibati ərazi
bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan
Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi
vahidlərinin – şəhər, rayon, inzibati ərazi dairəsi, qəsəbə və kəndlərin adları
dövlət dilində yazılmalıdır, onların dövlət dilinin normalarına uyğun olaraq
yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir. Bu maddədə göstərilən
inzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı xarici dillərdə də
yazıla bilər. Belə olan halda inzibati ərazi vahidinin adı əvvəlcə dövlət
dilində və ondan sonra xarici dildə verilməlidir.
Maddə 10. Coğrafi obyektlərin adlarında dövlət dilinin işlədilməsi
10.1. Azərbaycan Respublikasında coğrafi
obyektlərin adlarının dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq
qurum tərəfindən müəyyənləşdirilir.
10.2. Azərbaycan coğrafi adlarının xarici
dillərdə verilməsi Azərbaycan dilində səslənməsinə, coğrafi adların beynəlxalq
yazılış qaydalarına uyğun olaraq müəyyən edilir.
Maddə 11. Dövlət dilinin hüquq mühafizə orqanlarında, Silahlı
Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati
xətalar üzrə icraatda işlənməsi
11.1. Azərbaycan Respublikasının hüquq
mühafizə orqanlarında Azərbaycan Respublikasının dövlət dili işlənir. Dövlət
dilini bilməyən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada tərcüməçidən
istifadə edə bilərlər.
1 1.2. Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində, sərhəd qoşunlarında və daxili qoşunlarda, qanunvericiliklə
müəyyən edilmiş hallar istisna olmaqla, dövlət dili işlənir.
11.3. Azərbaycan Respublikasının notariat
fəaliyyəti üzrə kargüzarlıq dövlət dilində aparılır. "Notariat
haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq notariat
hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə və ya
notariat hərəkətinin hər hansı başqa dildə aparılmasını xahiş edirsə, notarius
imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən
dildə tərtib edə bilər və ya mətn tərcüməçi tәrәfindәn ona tərcümə edilə bilər.
11.4. Konstitusiya Məhkəməsində icraat
dövlət dilində aparılır. Konstitusiya Məhkəməsində baxılan işin iştirakçısı
olan və icraatın aparıldığı dili bilməyən şəxslərə işin bütün materiallarının
onların bildiyi dilə tərcüməsi və Konstitusiya Məhkəməsinin iclaslarında ana
dilində çıxış etməsi təmin olunur.
11.5. Azərbaycan Respublikası
məhkəmələrində cinayət mühakimə icraatı dövlət dilində aparılır. Azərbaycan
Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada
bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər.
11.6. Azərbaycan Respublikası
məhkəmələrində mülki işlər, inzibati və iqtisadi mübahisələr üzrə məhkəmə
icraatı dövlət dilində aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual
Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada bütün növ məhkəmə icraatları
digər dillərdə aparıla bilər.
11.7. Azərbaycan Respublikasında İnzibati
xətalar üzrə icraat dövlət dilində aparılır. Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati
xətalar üzrə icraat digər dillərdə aparıla bilər.
11.8. İnzibati aktın qəbul edilməsi, icra
olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə
baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən inzibati icraat dövlət
dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır.
İnzibati icraatda iştirak edən və icraatın aparıldığı dili bilməyən şəxslərə
tərcüməçinin xidmətindən istifadə etmək hüququ izah və təmin edilir.
Maddə 12. Dövlət dilinin beynəlxalq yazışmalarda işlənməsi
12.1. Azərbaycan Respublikasının
beynəlxalq yazışmaları dövlət dilində aparılır. Belə yazışmalar zəruri hallarda
dövlət dili ilə yanaşı, müvafiq xarici dillərdən birində də aparıla bilər.
12.2. Azərbaycan Respublikasının
ikitərəfli beynəlxalq müqavilələri dövlət dilində də, çoxtərəfli beynəlxalq
müqavilələr isə müqavilə bağlayan tərəflərin razılığı ilə müəyyən edilən dildə
(dillərdə) tərtib olunmalıdır.
12.3. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr (sazişlər və s.) və qoşulduğu beynəlxalq
konvensiyalar (protokollar və s.) dövlət dilində nəşr edilməlidir.
Maddə 13. Dövlət dilinin normaları
13.1. Azərbaycan dilinin orfoqrafiya və
orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər.
13.2. Müvafiq icra hakimiyyəti orqanı 5
ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin
(orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir.
Maddə 14. Dövlət dilinin əlifbası
Azərbaycan Respublikasının dövlət dilinin
əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.
Maddə 15. Dövlət dilinin nəşriyyat işində işlənməsi
15.1. Dövlət dilinin nəşriyyat işində
işlənməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir.
15.2. Azərbaycan Respublikasında dövlət
dilində nəşr olunan çap məhsulları latın qrafikalı Azərbaycan əlifbasında
buraxılmalıdır.
15.3. Azərbaycan yazı mədəniyyətinin
tarixində mühüm rol oynamış ərəb və kiril əlifbalarından xüsusi hallarda
(lüğətlərdə, elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.) istifadə edilə bilər.
Maddə 16. Dövlət dilinin vətəndaşların şəxsiyyətini təsdiq edən
rəsmi və vahid nümunəli sənədlərdə işlədilməsi
16.1. Azərbaycan Respublikası
vətəndaşlarının doğum və nikah haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqəsi,
əmək kitabçası, hərbi bileti və yalnız, ölkə daxilində etibarlı sayılan digər
rəsmi və vahid nümunəli sənədlər dövlət dilində tərtib edilir.
16.2. Azərbaycan Respublikası
vətəndaşlarının pasport və təhsil haqqında sənədləri, zəruri hallarda digər
sənədləri dövlət dili ilə yanaşı xarici dillərdə də tərtib edilir.
Maddə 17. Dövlət dilinin dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və
filiallarının, idarələrin adında işlədilməsi
Azərbaycan Respublikasının dövlət
hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların
nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin
normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən
lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün
digər ləvazimatlar dövlət dilində tərtib olunur.
Maddə 18. Dövlət dilinin qorunması və inkişafı
18.1. Azərbaycan Respublikasında dövlət
dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət
göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək
qadağandır.
18.2. Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi
informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər
nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət
olunmasını təmin etməlidirlər.
III fəsil
Yekun müddəaları
Maddə 19. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanun pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
Комментариев нет:
Отправить комментарий